Bakı. Trend:
Bakıda COP29 çərçivəsində torpaqların deqredasiyası, səhralaşma və quraqlıq problemlərinin həlli ilə bağlı mühüm irəliləyiş əldə olunub.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ər-Riyadda keçirilən COP16 çərçivəsində “Torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması üçün dövlət və özəl maliyyənin səfərbər edilməsi” mövzusunda Maliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışı zamanı bildirib.
"Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası elm və siyasət platformasının məlumatlarına görə, torpaqların deqredasiyası, səhralaşma və quraqlıq hər il qlobal iqtisadiyyata təxminən 10 trilyon dollar ziyan vurur. Bu problemlər ekosistemlərə, qida təhlükəsizliyinə və icmaların rifahına ciddi təsir göstərir.
Bakıda COP29 çərçivəsində bu çağırışların həllində mühüm irəliləyiş əldə etdik. Əsas nailiyyətlərdən biri İtki və Zərər Fondunun fəaliyyətə başlaması oldu. Bu fond iqlim dəyişikliklərindən, o cümlədən, quraqlıqlardan ən çox təsirlənən ölkələrə vacib maliyyə dəstəyi göstərəcək. Bu, iqlim itkisi və zərəri probleminin həllində böyük bir irəliləyişdir və həssas icmalara torpaqların deqredasiyasının nəticələri ilə mübarizə aparmağa kömək edəcək", – deyə o qeyd edib.
M.Babayev vurğulayıb ki, COP29-un daha bir mühüm nailiyyəti iqlim dəyişikliklərinə qarşı ən həssas ölkələri dəstəkləmək üçün yeni iqlim maliyyələşdirilməsi hədəfi ilə bağlı tarixi razılaşmanın əldə olunması olub. Bu razılaşma çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə illik 100 milyard dollardan 2035-ci ilə qədər 300 milyard dollara qədər üç dəfə artırılacaq, dövlət və özəl mənbələr hesabına isə illik 1,3 trilyon dollar səfərbər ediləcək.
“Bu, torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması səylərinin gücləndirilməsi üçün mühüm bir mərhələdir. Biz qəbul etməliyik ki, torpaqların bərpası uzunmüddətli investisiyalar tələb edir. Bu layihələr hər zaman dərhal nəticə verməsə də, uzunmüddətli perspektivdə onların ekosistemlər və icmalar üçün faydaları çox böyükdür”, – deyə nazir bildirib.
M.Babayev bildirib ki, COP29 çərçivəsində “Harmonia” Bakı İqlim Təşəbbüsü istifadəyə verilib.
“Bu təşəbbüs kənd icmalarını, qadınları və gəncləri dəstəkləməyə yönəlib. Əsas məqsəd, çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığı gücləndirməklə iqlimə davamlı kənd təsərrüfatının inkişafıdır. Təşəbbüs maliyyə çatışmazlığını aradan qaldırmağa və torpaq eroziyasının qarşısını almaqla, davamlı kənd təsərrüfatı metodlarının təşviqi vasitəsilə fermerlərin dəyişən iqlimə uyğunlaşmasına dəstək verməyə hədəflənib”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, COP29-un digər mühüm nailiyyəti Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə tətbiq edilməsidir.
“Bu, torpaqların və meşə təsərrüfatının bərpası üçün dövlət və özəl investisiyaları cəlb edərək, beynəlxalq karbon bazarlarına çıxış imkanı açacaq. Bu maliyyə mexanizminin tam potensialını reallaşdırmaq üçün əsas maneələrin aradan qaldırılması vacibdir.
Özəl sektorun iştirakını təşviq etmək üçün uyğun siyasət, tənzimləmə və maliyyə stimulları vasitəsilə əlverişli şəraitin yaradılması olduqca əhəmiyyətlidir. Dövlət maliyyələşdirilməsi, o cümlədən, qrantlar, subsidiyalar və vergi güzəştləri, torpaqların bərpasına yönəlmiş uzunmüddətli layihələrin başlanmasına töhfə verə bilər. Bu layihələr həm ekoloji, həm də sosial faydalar təmin edəcək. Birlikdə maliyyə sistemimizi transformasiya edərək, torpaqlarımızın bərpasını dəstəkləyə və hər kəs üçün davamlı və dayanıqlı gələcək təmin edə bilərik”, – deyə Muxtar Babayev yekunlaşdırıb.