Bakı. Trend:
Xəbər verdiyimiz kimi, 2024-cü il 2-3 dekabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçirilib.
Trend xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iki gün davam edən tədbirdə ÜƏMT-nın mütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktual məsələlərinə dair maraqlı təqdimatlar edilib.
ÜƏMT–nın department direktorunun müavini Dimiter Qançevin “Kreativ iqtisadiyyatın mövcud ölçməmodellərinə ümumi baxış” mövzusunda məruzə edib. O, yaradıcı sektorun müxtəlif məsələlərinə toxunaraq kreativ sənaye tədqiqatlarının təkamülü, ÜƏMT metodologiyası, kreativ dəyər zənciri haqqında ətraflı məlumat verib. Vurğulanıb ki,yaradıcı sənayelər iqtisadiyyatın mühüm sektorlarından biridir və ümumi daxili məhsula (ÜDM) və məşğulluğa əhəmiyyətli töhfələr verir. D.Qançev statistik göstəriciləri təqdim edib və bu statistik göstəricilərin yaradıcı sənayelər və kreativ iqtisadiyyat üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
ÜƏMT-nın nümayəndəsi Rimantas Vaicenavicius “Müəllif-hüquq sənayesi ÜƏMT çərçivəsində” mövzusunda təqdimatında məşğulluq və beynəlxalq ticarətə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb və sahə üzrə əsas indikatorları təhlil edib.
ÜƏMT-nın nümayəndəsi Felipe Buitragonun “Kreativ iqtisadiyyatın data modelinin yaradılması” mövzusunda etdiyi təqdimatda kreativ iqtisadiyyat üçün data modelinin qurulmasının iqtisadiyyatda mühüm rolundan geniş bəhs edib. O, kreativ iqtisadiyyatın müxtəlif sektorları arasında məlumat axınını təmin etməklə, ekosistem yaratmaqla iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyin mümkün olduğunu vurğulayıb. Təqdimatda sahibkarlığın bir ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biri olduğunu və bunun üçün şərait yaradılmasının əhəmiyyətli olduğunu qeyd edilib, həmçinin kreativ iqtisadiyyatda informasiya piramidasının yaradıcı fəaliyyətlərin effektiv idarə olunması, innovasiyaların təşviqi və bazar tendensiyalarına uyğun qərarlar qəbul etmək üçün vacib olduğu söyləyib və informasiya piramidasının elementləri haqqında ətraflı məlumat verilib.
ÜƏMT-nın nümayəndəsi Kübra Karataş “Modelin çərçivəsi, strukturu və indikatorları” mövzusunda məruzə edib. O, kreativ iqtisadiyyatın strukturu və komponentləri haqqında ətraflı məlumat verib, Kreativ İqtisadiyyat Data Modelinin (CEDM) kreativ iqtisadiyyatda fəaliyyət göstərən müxtəlif sahələr arasında məlumatların toplanması, təsnifatı, analizi və istifadəsini təmin edən bir məlumat strukturu olduğunu vurğulayıb. Bu model kreativ iqtisadiyyatın dəyər zəncirinin hər bir mərhələsində qərarların daha dəqiq qəbul edilməsinə kömək etdiyini bildirib.
Tədbirə onlayn rejimdə qoşulan professor Vanus James indeks metodologiyası və məlumat mənbələri, onlara olan tələblər barədə danışıb.
Felipe Buitragonun “Məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemlər” mövzusunda təqdimatında məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemləri haqqında məlumat verilib. O,məlumatların parçalanması, məlumat keyfiyyətinin dəyişkənliyi, məlumatlarda məhdud əlçatanlıq kimi məsələlərin informasiya mənbələrinin müəyyən edilməsinin əsas problemləri olduğunu vurğulayıb.
ÜƏMT-nın nümayəndəsi Valeria Brusnikina “Kreativ aktivlərlə rəqəmsal tranzaksiyalardan əldə edilən məlumatların istifadəsi” mövzusunda çıxış edib. Çıxışda kreativ sənayelərin ekosistemi, müəlliflik hüququ obyektlərinin yaradılması, qorunması, monetizasiyası, müxtəlif rəqəmsal platformalarda istifadəsi və monitorinqi, qeyri-qanuni istifadənin qarşısının alınması məsələlərinə toxunulub.
Tədbirdə Filippinin misalında təcrübənin öyrənilməsi və “Subregional hazırlığın qiymətləndirilməsi: Kreativ iqtisadiyyatın milli statistik perspektivləri” mövzusu ətrafında müzakirələr təşkil olunub.
Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan iki günlük beynəlxalq tədbirdə ÜƏMT-nı təmsil edən nümayəndə heyəti, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr müzakirələrdə fəal iştirak ediblər.
Regional seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə qeyd ediblər və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təşəkkürlərini çatdırıblar.