...

Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı: nəqliyyat-tranzit sahəsi, müasir hərəkət heyəti və sənaye kooperasiyası

Cəmiyyət Materials 4 Dekabr 2024 10:15 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı: nəqliyyat-tranzit sahəsi, müasir hərəkət heyəti və sənaye kooperasiyası

Bakı. Trend:

Noyabrın ortalarında Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib. Rusiya nümayəndə heyəti Bakıya COP29 İqlim Sammitində iştirak etmək üçün gəlib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələr, nəqliyyat infrastrukturu və strateji tərəfdaşlıq kimi əsas əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşlər dövlət liderləri arasında fəal dialoq fonunda, xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Bakıya dövlət səfərindən sonra keçirildi. Ə.Əsədovun sözlərinə görə, bu səfər "ikitərəfli münasibətlərin inkişafına yaxşı bir dinamika qazandırıb".

“Rusiya Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr ardıcıl inkişaf edir. Cari ildə ticarət dövriyyəsinin artım tempinə əsasən, yeni rekord gözlənilir. Doqquz ayın nəticələrinə görə, ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib”, - Azərbaycan Respublikasının Baş naziri bildirib.

İkitərəfli ticarətdə milli valyutalarda hesablaşmaların əhəmiyyəti getdikcə artır və bu, əvvəllər daha çox istifadə olunan ABŞ dolları və avronu aktiv şəkildə əvəz edir. Mixail Mişustin qeyd edib ki, Rusiya tərəfi ticarət dövriyyəsini rubl və manatla hesablayır.

“Bu, təxminən 290 milyard rubl və ya 5 milyarddan çox Azərbaycan manatıdır. Baxaq, bu il yekunda bizə nə verəcək. Doğrudan da, milli valyutalarda artıq çoxlu ticarət əməliyyatlarımız aparılır”, – deyə Rusiya Hökumətinin sədri vurğulayıb.

Dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsi olaraq qalır. Əli Əsədov bildirib ki, ikitərəfli yükdaşımaların ümumi həcmi stabil şəkildə artır. Bu, rəqəmlərlə təsdiqlənir: cari ilin on ayı ərzində artım 5 faizdən çox olub və yükdaşımaların həcmi 11 milyon tonu ötüb. Bu göstərici təkcə iki ölkənin iqtisadiyyatları üçün deyil, həm də bütün region üçün mühümdür, çünki sabit yükdaşımalar ticarətin və iqtisadi inteqrasiyanın inkişafına töhfə verir.

Görüşlərin vacib mövzularından biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi oldu ki, onun qərb marşrutu Azərbaycanın ərazisindən keçir. Bu dəhliz yüklərin daşınma həcmini artırmağa, ticarət axınlarının coğrafiyasını genişləndirməyə və Fars körfəzi ilə Hind okeanı limanları vasitəsilə Yaxın Şərq, Afrika, eləcə də, Cənubi və Cənub-Şərqi Asiya bazarlarına çıxışa imkan verəcək.

“Dəhliz üzrə yükdaşıma həcmi ardıcıl olaraq artır. Cari ilin on ayı ərzində artım 10 faizdən çox olub”, – deyə Əli Əsədov bildirib.

Azərbaycanın Baş naziri bildirib ki, Rusiya şirkətləri Azərbaycanın dəmir yollarının və Bakı Metropoliteninin hərəkət heyətinin yenilənməsində fəal iştirak edir. Belə ki, "Transmaşholdinq" SC-nin müəssisələrində istehsal edilən metro qatarları paytaxtın yeraltı nəqliyyatında uğurla istismar olunur. 2007-ci ildən bəri Azərbaycanın paytaxtına 200-dən çox metro vaqonu tədarük edilib.

Rusiya istehsalı olan hərəkət heyəti dünya analoqları ilə uğurla rəqabət aparır. Son illərdə tədarük edilən yeni müasir vaqonlarda qabaqcıl mühəndislik və konstruktor həlləri tətbiq olunub: vahid keçid sistemi, sərnişinlərin daha sürətli və rahat minib-düşməsi üçün genişləndirilmiş qapı aralıqları, qapıların açılıb-bağlanması barədə müasir işıqlandırma sistemi, günün vaxtına uyğun olaraq salonun adaptiv işıqlandırılması və qurğuların enerji yığması üçün USB portları ilə təchiz edilib.

“Bu, çox vaxtında həyata keçirildi, bu vaqonlar [COP29 iqlim sammiti] zamanı xətdə istifadəyə verildi. Biz bu istiqamətdə metropoliten sahəsində əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə Əli Əsədov bildirib.

Hökumət başçıları sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın geniş ikitərəfli layihələri əhatə etdiyini vurğulayıblar. Tərəflər hazırda qarşılıqlı faydalı olan bir sıra yeni təşəbbüsləri müzakirə edirlər.

Energetika, kənd təsərrüfatı və əczaçılıq sahələrində məsələlərin müzakirəsi də görüşün vacib hissəsini təşkil edib. Mixail Mişustin vurğulayıb ki, bu sahələrdə əməkdaşlıq ölkələr arasında daha dərin qarşılıqlı əlaqələrin qurulmasına və Rusiya ilə Azərbaycan biznesi üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Görüş zamanı dövlətlərin təhsil sahəsində ikitərəfli əməkdaşlığının genişləndirilməsi elan olunub. Həmçinin, Əli Əsədov bildirib ki, son on ay ərzində Azərbaycana 630 min rusiyalı turist səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya Baş nazirlərinin görüşü mövcud əlaqələri nəinki möhkəmləndirib, həm də əməkdaşlıq üçün yeni üfüqlər açıb. Hər iki Baş nazir birgə səylərin hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracağına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti