Bakı. Trend:
BMT inklüzivlik və bərabər imkanlar üçün dəstəyini davam etdirir.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Beynəlxalq Əlillər Günü ilə əlaqədar təşkil etdiyi "Məhdud imkanlı insanların iştirakı ilə iqlim həllərinin yaxşılaşdırılması” tədbiri çərçivəsində jurnalistlərə bildirib.
“Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda 3 dekabr – Beynəlxalq Əlillər Gününü yenidən qeyd etdiyimiz üçün çox şadam. Burada, müxtəlif imkanlara malik insanlarla birlikdə olmaq və bu sosial inteqrasiya mərkəzinin necə işlədiyini görmək mənim üçün böyük şərəf idi. Bildiyim qədər, bu mərkəz Cənubi Qafqazda öz sahəsində ən böyüklərdən biridir. O, insanlara təbiət, iqlim böhranı ilə mübarizədə nə edə biləcəyimiz barədə danışmaq üçün platforma təqdim edir və eyni zamanda onların gündəlik həyatda qarşılaşdıqları maneələrə baxmayaraq, bizə çox şey öyrədə biləcəyini göstərir”, – deyə Vladanka Andreyeva vurğulayıb.
V. Andreyevanın sözlərinə görə, BMT hər bir insanın öz xüsusiyyətlərindən asılı olmayaraq bərabər giriş, imkanlar və səsi eşidilmək hüququna malik olması ideyasını təşviq etməyə davam edir.
“Bu gün Azərbaycanda inklüzivlik mövzusunda bu yanaşmaya sadiq olduğumuzu yenidən nümayiş etdirdiyimiz üçün çox şadam”, – deyə o əlavə edib.