...

ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlillər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2024 17:52 (UTC +04:00)
ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlillər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər (FOTO)

Bakı. Trend:

ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və “PAŞA Bank”ın birgə təşkilatçılığı ilə keçirilən sosial layihənin ikinci mərhələsi başlayıb.

Layihənin ilk təşəbbüsü əlamətdar günə 3 Dekabr-Beynəlxalq Əlillər Gününə təsadüf edib. Bu münasibətlə dekabrın 3-ü 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbdə və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbdə təhsil alan 100-dək şagirdlə görüş keçirilib.

11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim təşkil edilib.

1 nömrəli məktəbdə təhsil alan 13 yaşdan yuxarı məktəblilər üçün isə psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzərlərində çalışmağın, eləcə də təhsilə, peşəyə yiyələnməyin əhəmiyyətindən bəhs edilib.

Bununla yanaşı, məktəbin pedaqoji kollektivi də şagirdlərə yanaşmada tətbiq edilən müasir metodlar barədə məlumatlandırılıblar.

Hər iki məktəbdə keçirilən görüşlər sağlamlıq imkanları məhdud olan məktəblilərin ifa etdiyi musiqili-əyləncəli proqramla, tamaşalarla yekunlaşıb. Şagirdlərin kompozisiya və rəqsləri və onlara təqdim edilən hədiyyələr bu görüşü daha yaddaqalan edib.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva layihə ilə bağlı bildirib:

"ADA Universiteti daim tərəfdaşları ilə birgə sosial məsuliyyət layihələrinin icrasına önəm verir, fiziki cəhətdən müəyyən məhdudiyyətlələrə malik olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləyir."

Xatırladaq ki, ADA Universiteti Fondu və “PAŞA Bank" ötən il sözügedən sosial layihənin ilk mərhələsinə başlayıb. Layihə çərçivəsində internat tipli məktəblərdə təhsil alan qızlar üçün psixoloqlar tərəfindən seminar və təlimlər keçirilib, iştirakçılar tanınmış ziyalıları, millət vəkillərini və məşhur simaları bir araya gətirən sessiyalarda və fərqli məkanlara ekskursiyalarda iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti