Bakı. Trend:
Biz bu günü Böyük Qayıdışı fəxrlə, qürur hissi ilə gözləmişik.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şuşa sakini İbrahimova Mətanət deyib.
Onun sözlərinə görə, Şuşanı məcburi şəkildə tərk edərkən 7-ci sinifdə oxuyurmuş. İndi isə bir müəllim kimi Şuşaya qayıdır.
"Biz Prezidentimizin quruculuq siyasətinin davamı olaraq çalışacağıq. Məcburi köçkünlük dövründə, dövlətimiz bizim qayğımıza qalıb. Amma doğma yurdda yaşamaq hər zaman arzumuz olub.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.