Bakı. Trend:
Uşaqların virtual aləmdə, sosial şəbəkələrdə ünsiyyətdə olması artıq bu günün vacib tələblərindən biridir. İnternet qlobal informasiya məkanıdır. Burada yaxşı elmi, sosial, psixoloji məlumatlar, eyni zamanda maraqlı, öz üzərində işləyən, elmi inkişaf etmiş insanlar da var. Həmçinin, dəyərlərə, həyat fəlsəfəsinə görə, sosial münasibətlərdə ziddiyyət yaradan və bunları müxtəlif yollarla təbliğ edən insan və qruplar da var. Bizim bir yetkin nəsil olaraq bunları nəzərə almağınız vacibdir.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, ilk olaraq internetdə həm özümüzün, həm də ailə üzvlərimizin qorunması üçün maariflənməliyik:
“İnterneti bir tərəfi virtual aləm olsa da, onun arxasında real insanlar və qruplar durur”.
Psixoloq qeyd edib ki, valideynin övladının zövq və maraqlarına hörmətlə və səbrlə yanaşması məqsədəuyğundur:
“İstənilən qadağa emosiyaların kəskin şəkildə “boğulmasıdır”. Bu da onların psixoloji inkişafına təsir edə bilər. Virtual asılılıq daha çox vaxtın düzgün təşkili və zövqlü olmaması ilə bağlıdır. Daha məqsədəuyğun olar ki, uşaqları telefon və ya kompüter tələb etməyən əyləncəli oyunlara cəlb etmək”.