Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 nəfər turist gəlib.
Bu barədə Trend Dövlət Turizm Agentliyindən məlumat əldə edib.
Məlumata görə, ölkəyə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,5% artıb. Belə ki, ötən ilin 10 ayında Azərbaycana 1 milyon 892 min 165 nəfər turist gəlmişdi.
Məlumata görə, bu ilin yalnız noyabr ayında isə Azərbaycana 202 440 nəfər turist gəlib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 19,5% çoxdur. Ötən ilin noyabrında bu göstərici 169 461 nəfər olub.
Rəsmi açıqlanan rəqəmlərə görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycana gələnlərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7% və ya 102 144 nəfər artaraq 679 903 nəfərə bərabər olub.
Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada türkiyəli turistlər yer alıb. Onların sayı 13,8% və ya 47 301 nəfər artaraq 389 173 nəfərə çatıb.
Üçüncü yei 214 669 nəfər turist ilə Hindistan vətəndaşları tutur. Hindistanlı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 115% və ya 114 891 nəfər artıb.