Bakı. Trend:
Magistratura və rezidentura səviyyələrində ixtisaslaşmaların siyahısında əmək bazarının tələblərinə uyğun daha çevik dəyişikliklər etmək məqsədilə hər bir ixtisasa aid olan ixtisaslaşmalar təsnifatdan çıxarılıb və yeni təsnifat yalnız ixtisaslar üzrə tərtib edilib.
Trend xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məhz bu səbəbdən təsnifatların təsdiqindən irəli gələrək, Nazirlər Kabinetinin bir neçə qərarında, o cümlədən, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nda, “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nda müəyyən dəyişiklik edilib.
“Dəyişikliyə əsasən rezidentura və magistratura səviyyələrində hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunacaq.
Digər yenilik isə magistratura səviyyəsi üzrə təsnifatda təhsil ixtisaslarının bir ixtisas (“Pedaqogika”) altında ixtisaslaşma olaraq verilməsidir.
“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda isə 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas təsnifata əlavə olunub və 8 ixtisasın adı dəyişdirilib”,- deyə İ.İsayev əlavə edib.