Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə Xudat şəhəri və Şollar qəsəbəsinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin işə qəbul, ünvanlı sosial yardım, su təchizatı və yol təsərrüfatına dair müraciətlər səsləndiriblər.
Müraciətləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.