Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Çiçək qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 159 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, 159 nömrəli marşrut üzrə hüquqi şəxs “Sahil" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.