Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin və onlarla bağlı xidmət təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsi üzərində işləyir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“2024–2026-cı illər üçün maliyyə bazarlarının inkişafı strategiyası çərçivəsində virtual aktivlərin və onlarla bağlı xidmət təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlanır. Eyni zamanda, paylanmış reyestrlərlə bağlı zəruri normativ-hüquqi bazanın yaradılması nəzərdə tutulur. Bundan əlavə, bankların funksionallığına dair tələblərin İOS kontekstində işlənib hazırlanması planlaşdırılır”, – deyə G.Mahmudova bildirib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti daha əvvəl “2024–2026-cı illər üçün maliyyə sektorunun inkişaf strategiyası”nı təsdiqləyib. Strategiya ölkədə sığortanın, kapital bazarlarının və ödəniş sektorunun inkişafını, eləcə də, bank sektorunun sabitliyinin gücləndirilməsini əsas prioritetlər kimi müəyyən edir.
Bu sənəddə maliyyə əlçatanlığının genişləndirilməsi, maliyyə xidmətlərinin əhatə dairəsinin artırılması, maliyyə alətlərinin diversifikasiyası, sektorda səmərəliliyin artırılması, korporativ idarəetmənin tətbiqi, şəffaflığın və sabitliyin gücləndirilməsi kimi strateji məqsədlər öz əksini tapıb.
Strateji sənəd, həmçinin, hər bir sektorun potensialını, Mərkəzi Bankın keyfiyyətlə bağlı tələblərini və risklərə əsaslanan nəzarət mexanizmlərini müəyyən edir. Bundan əlavə, rəqəmsal maliyyə, dayanıqlı maliyyələşmə, peşəkar inkişaf və dövlət maliyyə biliklərinin genişləndirilməsi kimi istiqamətləri də əhatə edir.