Bakı. Trend:
Gürcüstanda seçkilərdə Brüssel və liberalizm yox, suverenliyi, sülhü və ailəni dəstəkləyən, milli maraqları açıq şəkildə birinci yerə qoyan hakim partiya qalib gəldi.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Əgər müxalifət bu seçkilərdə qalib gəlsəydi, nə nümayişlər, nə də xarici təzyiqlər olardı. Hər kəs Gürcüstandakı "demokratiyanın əla vəziyyətini" tərifləyərdi. Amma nə Brüssel, nə Vaşinqton, nə Berlin, nə də Paris qərar qəbul etmir. Bu qərarı Gürcü xalqı verir və Gürcü xalqı çox aydın qərar qəbul etdi: yüksək seçici fəallığı və iqtidar partiyasına 50 faizlik dəstək. Bu, qiymətləndirilməlidir. Mənim problemim ondadır ki, Avropada bu çox geniş yayılıb: liberal qüvvələr seçkiləri uda bilməyəndə, ölkənin və siyasi sistemin demokratik təbiəti dərhal sual altına alınır. Liberal qüvvələr qalib gəldikdə isə hər şey qaydasındadır. Amma qalib gələn patriotrlar və ya mühafizəkarlar olduqda, demokratiyanın təbiəti dərhal şübhə altına qoyulur ki, bu, tamamilə qəbuledilməzdir", – deyə o bildirib.
O qeyd edib ki, Macarıstan liberalizmə tabe olmaq istəmədiyinə görə maliyyə sanksiyalarına məruz qaldı.
“Bizim vəziyyətimizə baxın. Son 15 ildə biz Avropa İttifaqında hücumlara məruz qalırıq. Biz liberalizmə tabe olmaq istəmədiyimizə görə maliyyə sanksiyalarına məruz qalmışıq. Biz mühafizəkarıq, patriotuq. Milli maraqlar bizim üçün hər şeydən üstündür. Bizim üçün ailə ana, ata və uşaqlardan ibarətdir. Ata kişidir, ana qadındır. Biz övladlarımızı, ölkəmizi, sərhədlərimizi qoruyuruq və buna görə maliyyə sanksiyaları altındayıq. Bir daha təkrar edirəm: əgər Gürcüstanda müxalifət qalib gəlsəydi, hər kəs Gürcüstandakı "demokratiyanın mükəmməl vəziyyətindən" razı qalardı", – P.Siyarto əlavə edib.