...

2025-ci ilin büdcəsi ölkəmizin qarşısında dayanan vəzifələrin icrası üçün zəruri maliyyə təminatı yaradacaq - Deputat

Siyasət Materials 4 Dekabr 2024 12:23 (UTC +04:00)
2025-ci ilin büdcəsi ölkəmizin qarşısında dayanan vəzifələrin icrası üçün zəruri maliyyə təminatı yaradacaq - Deputat
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə olunaraq qəbul edildi. Müzakirələr zamanı bir daha bildirildi ki, gələn ilin dövlət büdcəsi ölkəmizin qarşısında dayanan əsas çağırışlar və hədəflər nəzərə alınmaqla tərtib olunub. Büdcə hər bir ölkənin əsas maliyyə alətidir. Büdcənin gəlir və xərclərinin səviyyəsi isə ölkənin inkişafının göstəricisidir. Ona görə hansısa ölkənin inkişafından danışanda ilk toxunduğumuz məsələlərdən biri onun büdcəsi olur.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

O qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi iqtisadi inkişafa uyğun olaraq ildən ilə artmaqdadır.

"2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyard 220,9 milyon manat həcmində idi. Gələn ilə isə büdcəmizin gəlirləri artıq 40 milyard manata yaxın olacaq. Bu da təxminə 33 dəfədən çox artım deməkdir. Büdcə ilə bağlı ən mühüm məqamlardan biri də odur ki, hazırda Qafqazda bütün məsələlərdə liderlik edən respublikamız dövlət büdcəsinin gəlir və xərclərinə görə də regionda birincidir. Ən əsası odur ki, respublikamızda hər il uğurla tərtib olunan dövlət büdcəsi sözün əsl mənasında ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. İndiyə qədər Azərbaycanda büdcənin gəlirlərinin formalaşmasında və büdcədən xərclərin ayrılmasında heç bir problem baş verməyib. Hətta bir neçə il öncə neftin qiymətləri kəskin aşağı düşəndə də dövlət büdcəsi tam icra olunub.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat həcmində proqnozlaşdırılır. Bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 5,3 faiz çoxdur. 5,3 faizlik artım sıradan yox, mühüm iqtisadi hadisədir. Nəzər yetirsək görərik ki, bu cür büdcə gəlirlərindən bu cür artım heç də hər dövlətə qismət olan məsələ deyil. Bu, respublikamızın iqtisadi inkişafının ən mühüm göstəricilərindən biridir. 2025-ci ildə büdcəmizin xərcləri isə 41 milyard 367 milyon manat olmaqla, bu ilin proqnozu ilə müqayisədə 4,1 faiz çox planlaşdırılır. Xərclərin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək. Xərclərlə bağlı bir məsələni xüsusi olaraq bildirmək istərdim ki, Azərbaycanın 2025-ci il üçün nəzərdə tutulan büdcə xərcləri Ermənistanın və Gürcüstanın büdcə xərclərinin birlikdə cəmindən 1,3 dəfə çoxdur", - o əlavə edib.

Onun sözlərinə görə, dövlətimizin müəyyən etdiyi bir sıra məqsəd və vəzifələr ötən illərdə olduğu kimi 2025-ci ildə də dövlət büdcəsinin əsas prioritetləri olacaq.

"Məsələn, gələn ildə də büdcənin əsas xərc istiqamətlərindən birini ölkə vətəndaşlarının sosial müdafiəsi və sosial təminatı ilə bağlı məsələlər təşkil edəcək. Sosialyönümlü xərclər 2024-cü ilə müqayisədə 8,8 faiz artırılaraq 16,9 milyard manata çatacaq. Faizlə ifadə etsək, dövlət büdcəsi xərclərinin 41 faizini sosial xərclər təşkil edəcək. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək.

Artıq bir neçə ildir ki, ölkəmizdə qarşıda dayanan əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Ötən 4 ildə Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə azad edilmiş ərazilərimizin bərpası istiqamətində mühüm işlər görülüb. Artıq 9 min nəfərdən çox keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Dost və qardaş dövlətlərin dəstəyi ilə icra olunan infrastruktur layihələri istisna olmaqla Qarabağ və Şərqi Zəngəzurdakı bütün quruculuq işlərini respublikamız özünün daxili imkanları hesabına həyata keçirib. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq artan maliyyə imkanlarımız hər il büdcədən bu məqsəd üçün lazımi səviyyədə maliyyə vəsaitinin ayrılmasına imkan verib.
2025-ci ildə də büdcədən ayırmaların əsas istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramında qarşıya qoyulmuş vəzifələrin icrası olacaq. Gələn ilin büdcəsi işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcək. Hesab edirəm ki, bu məqsədlər üçün 4 milyard manatın nəzərdə tutulması quruculuq işlərinin vaxtında və qrafik üzrə yerinə yetirilməsini təmin edəcək.

Gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə də xüsusi diqqət yetirələcək. Belə ki, 2025-ci ildə respublikamızın hərbi büdcəsinin 8,4 milyard manat həcmində olması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 17,8 faiz çoxdur. Hesab edirəm ki, hərbi büdcəmizin artırılması tamamilə düzgün qərardır. Çünki Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan sürətlə silahlanmaqda davam edir. Artıq neçə vaxtdır ki, Fransa və Hindistan kimi ölkələrdən Ermənistana müxtəlif silah və texnikalar daşınır. Təbii ki, belə bir vaxtda Azərbaycan bu məsələyə seyrçi qala bilməz. Artan hərbi büdcəmiz respublikamızın Ermənistan üzərində hərbi üstünlüyünü daha da möhkəmləndirəcək.

Təqdirəlayiq haldır ki, hər il büdcə Milli Məclisdə müzakirələr zamanı deputatlar tərəfindən qaldırılan məsələlər, verilən təkliflər də büdcədə öz əksini tapır. Prezident İlham Əliyevin müdrik iqtisadi siyasətinin nəticəsi olaraq maliyyə imkanlarımızın artması ölkəmizin inkişafını və vətəndaşların rifahının yüksəldilməsini təmin edir.

Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan bütün prioritet vəzifələrin tam yerinə yetirilməsinə imkan verəcək, inkişafın davamlı olması üçün etibarlı maliyyə təminatı yaradacaq. Bununla da 2025-ci il Azərbaycanın tarixində növbəti inkişaf mərhələsi olacaq", - X. Fətiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti