Bakı. Trend:
Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika gətirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ordu generalı, Baş qərargah rəisi Park An Su açıqlayıb.
General bildirib ki, helikopterlər hazırda Seul səmasında patrul fəaliyyətinə başlayıb.
Park An Su onu da qeyd edib ki, qərara etiraz edən müxalifət tərəfdarları və xüsusi xidmət orqanları arasında parlament binası yaxınlığında toqquşma baş verib.
Generalın sözlərinə görə, parlamentin, yerli şuraların, siyasi partiyaların, siyasi birliklərin fəaliyyəti də daxil olmaqla, bütün siyasi fəaliyyətlər, yığıncaq və nümayişlər qəti qadağandır:
“Bütün KİV və nəşrlər nəzarət altında olmalıdır”.
Digər tərəfdən Cənubi Koreya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin vəzifələrinə geri qayıtmasını əmr edib.
Qeyd edək ki, Cənubi Koreyada hərbi vəziyyət elan olunub.
"Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığını və xoşbəxtliyini talan edən mənfur Şimali Koreyaya meyilli anti-dövlət qüvvələrinin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edirəm", - ölkə Prezidenti Yun Sok Yol bildirib.
Bundan sonra Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib. Bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.