Bakı. Trend:
Böyük Britaniyada miqrasiya 20 faiz azalıb.
Trend xəbər verir ki, Böyük Britaniyada miqrasiya rəqəmləri – yəni ölkəyə daxil olanlar və ölkədən gedənlər arasındakı fərq – cari ilin iyun ayına qədər olan bir il ərzində 728 min nəfər təşkil edib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, bu rəqəm 2023-cü ilin iyun ayına qədər olan dövrdə qeydə alınmış göstəricidən əhəmiyyətli dərəcədə azdır.
Milli Statistika İdarəsinin (ONS) direktoru Meri Qreqori azalmanı Avropa İttifaqından kənar ölkələrdən təhsil vizası ilə gələn şəxslərin öz ailə üzvlərini (asılı şəxslərini) Britaniyaya gətirə bilməməsi ilə əlaqələndirib: “Bu ilin yanvar ayından etibarən tələbələrin əksəriyyətinə öz ailə üzvlərini Böyük Britaniyaya gətirmək qadağan edilib. Yalnız doktorantura səviyyəsində təhsil alanlar üçün istisnalar nəzərdə tutulub”.
Mart ayında keçmiş mühafizəkarlar hökuməti tərəfindən qaydalara əlavə dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, səhiyyə işçisi vizası ilə gələn miqrantların asılı şəxslər üçün sponsorluq etmək hüququ ləğv edilib.
Baş nazir Rişi Sunakın rəhbərlik etdiyi mühafizəkarlar hökuməti həmçinin aprel ayında ixtisaslı işçi vizası üçün minimum əməkhaqqı tələbini 26 min 200 funt sterlinqdən 38 min 700 funt sterlinqə qaldıraraq bu vizanı əldə etməyi daha da çətinləşdirib.