...

Sağlam qidalanmaya başlamaq üçün su balansını bərpa etmək vacibdir - SN

Cəmiyyət Materials 6 Yanvar 2025 10:20 (UTC +04:00)
Sağlam qidalanmaya başlamaq üçün su balansını bərpa etmək vacibdir - SN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bayramdan sonra sağlam qidalanmaya başlamaq üçün məqsəd bədənin balansını bərpa etmək, həzm sistemini rahatlaşdırmaq və lazımsız toksinlərin orqanizmdən çıxarılmasını dəstəkləməkdir. Bu keçid prosesini effektiv və davamlı etmək üçün bir neçə mühüm prinsipi nəzərə almaq lazımdır.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.

Onun sözlərinə görə ilk növbədə, bayram günlərində həddindən artıq yağlı, şəkərli və duzlu qidaların qəbulu nəticəsində bədən su itirə bilər və həzm sistemi yüklənə bilər.

“Buna görə də, sağlam qidalanmaya başlamaq üçün su balansını bərpa etmək vacibdir. Gündə 8-10 stəkan su içmək toksinlərin bədəndən çıxarılmasını sürətləndirir, metabolizmanı aktivləşdirir və hüceyrələrin normal işləməsi üçün zəruri olan mühit yaradır. Həzm sistemini yormamaq üçün yeməkləri az miqdarda və tez-tez qəbul etmək məsləhət görülür. Gündə 3-4 kiçik porsiyalı yemək qəbulu həzm sisteminin yükünü azaldır və qan şəkərinin sabit qalmasına kömək edir. Yeməklərdə təbii, işlənməmiş qidalara üstünlük vermək vacibdir. Məsələn, təzə meyvə və tərəvəzlər, tam taxıllar, yağsız protein mənbələri (toyuq əti, balıq, paxlalılar) və sağlam yağlar (zeytun yağı, avokado, qoz-fındıq) qidalanmanın əsasını təşkil etməlidir”.

Mütəxəssis-ekspert qeyd edib ki, bayram sonrası ilk günlərdə xüsusilə həzm sistemini yükləməmək üçün ağır yeməklərdən, qızartmalardan və işlənmiş qidalardan uzaq durmaq lazımdır.

“Bunun əvəzinə, buxarda bişirilmiş tərəvəzlər, yüngül şorbalar və qaynadılmış yeməklər seçilməlidir. Bu cür qidalar həzm sisteminə istirahət imkanı verir və mədə-bağırsaq traktının normal fəaliyyətini bərpa edir. Bayram günlərində tez-tez yüksək şəkər tərkibli qidaların qəbulu olur. Bu da insulin səviyyələrində dalğalanmalara səbəb ola bilər. Şəkərli qidalardan uzaq durmaq və təbii şəkər mənbələrinə, məsələn, meyvələrə üstünlük vermək bu dalğalanmaları azaltmağa kömək edər. Bununla yanaşı, yüksək lif tərkibli qidaların qəbulu bağırsaq hərəkətliliyini yaxşılaşdırır və həzmi dəstəkləyir. Liflə zəngin qidalar arasında tam taxıllı çörək, yulaf, chia toxumu, kətan toxumu, tərəvəzlər və paxlalılar yer alır”

E.Məmmədov qeyd edib ki, emosional sağlamlıq və stresin idarəolunması də sağlam qidalanmaya keçid prosesində mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti