Bakı. Trend:
İnsanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. Amma bu, insanlara görə dəyişir. Bu barədə Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimova deyib.
Trend T.Kərimova ilə müsahibəni təqdim edir:
- Turan xanım, insan gün ərzində neçə dəfə qidalanmalıdır?
- Hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə,
orqanizmin vitaminlərə, minerallara, zülala və digər qida
maddələrinə, enerjiyə olan təlabatını ödəyəcək miqdarda qəbul
edirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil.
Çünki qida qəbulu təkcə mədəni doyurmaq məqsədilə deyil, orqanizmin
ehtiyac olduğu qida maddələri və enerji ilə təmin etməsidir.
Qeyd etmək istərdim ki, qidalanmanın gün ərzində neçə dəfə olmasını
bilmək üçün həzm prosesinə nəzər salmaq lazımdır. Çünki həzm
sisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəni
qidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur və
qəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılı
olaraq dəyişir. Belə ki, əsas enerji mənməyimiz olan yağların,
zülalların, karbohidratların parçalanması, sorulma həzm sisteminin
müxtəlif şöbələrində müfafiq vaxt ərzində və sürətdə baş verir.
- Axşam qida qəbulu hansı saatlarda olmalıdır?
- Mütəxəssislər son qidalanmanı yatmazdan 3-4 saat öncə olmasını tövsiyə edirlər. Eyni zamanda, müxtəlif vəziyyətlərə görə, məsələn iş rejimi ilə əlaqədar olaraq gec saatlarda qida qəbulu dəyişərək, yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımi enerji və qida məddələri ilə təmin etməmirsə yatmaq məqsədəuyğun hesab edilmir. Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalans yaradır. Bu da, öz növbəsidə, yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə Leptinin (doyma hormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxu hormonunun, yəni Melatoninin miqdarının aşağı düşməsinə səbəb olur. Dolayısı ilə ac yatmaq yuxusuzluğa səbəb olur.
- Gec saatlarında qidalanma hansı xəstəliklərə səbəb ola bilər?
- Ümumiyyətlə orqanizmdə bütün sistemlər bir-birinə bağlı və
sinxron şəkildə fəaliyyət göstərdiyi üçün hər hansı bir sistemdə
baş verən patologiya digər sistemlərdə də öz əksini tapır. Buna
görə də, gec saatlarda qidalanma təkcə həzm sistemində deyil, eyni
zamanda ürək-damar, sinir, endokrin, immun və s. sistemlərdə bir
sıra patologiyalara gətirib çıxara bilər. Həzm sisteminə aid olan
patologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit,
xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları və s.
daxildir.
Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir.
Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər.
Məsələn, gec saatlarında qida qəbulu mədədə turşu sintezinin
artmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin dolu
olması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununla
bərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyinin
yaranmasına gətirib çıxarır.
Gec saatlarda qida qəbulu fermentativ proseslərin pozulmasına,
bununla da həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit,
xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxara
bilər.
- Şam yeməyində hansı qidalardan uzaq durmaq lazımdır?
- Axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un
məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən
qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki
sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin
kalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri,
vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmədiyinə
görə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm
sistemində ciddi problemlərə yol açır, eyni zamanda şəkərli diabet,
hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz
mübadiləsinin pozulmasına da səbəb ola bilər.
- Axşam yeməyindən sonra gəzinti, yoxsa yüngül qaçış daha məqsədəuyğundur ?
- Təbii ki, axşam yeməyindən sonra qısamüddətli gəzintilər
tövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi,
qan dövranının və həzm prosesesinin yaxşılaşmasıdır. Bu zaman bütün
sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş
verir. Eyni zamanda, qida maddaləri tam şəkildə, metabolizmin son
məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan
vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat
mənimsənilməsini təmin edir.
Qaçış zamanı isə qida maddələrinin parçalanması və bu proseslərin
baş verməsini təmin edən enerji sərfiyyatını normadan artıq
sürətləndirir. Bu zaman qida maddələri metabolizmin son
mehsullarına qədər tam parçalana bilmir, orqanizmin normal
fəaliyyəti üçün lazım olan enerji yaranmır, orqanizm həddən çox
yüklənmiş olur. Bütün bunlar da dolayısı ilə orqanizmdə müxtəlif
patologiyalara səbəb olur. Bunlara ürək-damar sistemi, böyrək
patologiyarı, şəkərli diabet, dayaq-hərəkət sistemi patologiyaları
və s. aiddir.
- Axşam saatlarında aclığı doyurmaq üçün hansı qidalar optimal hesab olunur?
- Hər bir qəbul olunan qidanın tərkibindəki maddələrin həzm
traktının müxtəlif şöbələrində parçalanma və sorulma müddəti var.
Qidanın tərkibi nə qədər mürəkkəb, çətin parçalanan olarsa,
orqanizmdə artıq toplanan şlakların, toksinlərin, tam parçalanmayan
yağ turşularının miqdarı da bir o qədər çox olacaq. Bu da,
istər-istəməz artıq çəkinin yaranmasına səbəb olacaq. Ona görə də,
axşam saatlarında yüngül, həzmi, parçalanması asan olan qidaların
qəbulu tövsiyə olunur. Bunlara yağsız balıq növləri, az yağlı ət və
quş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (məsələn, düyü,
bulqur və qarabaşaq) aiddir.
Təbii ki, yeməyin bişirilmə qaydasının da burda böyük rolu var.
Məsələn, qızartmalar, hisə verilən və konserviləşdirilmiş qidalar,
yaxşı, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzə
tərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də az
yağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zaman
porsiyalara da fikir vermək lazımdır. Qabın 1/3-i zülal, 1/3-si
tərəvəz və 1/3-i karbohidrat olmalıdır.
Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən də
salatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrinin
şirəsinin əlavə olunması yağların parçalanmasını və metabolizmi
sürətləndirərək, həzmi yaxşılaşdırır.