Bakı. Trend:
Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar 6 052 721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteni çap olunacaq.
Trend xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, bülletenlərin sayı seçicilərin sayının 3 faizindən çox olmamaq şərtilə çap edilib:
“Bülletenlər hazırlandıqca media nümayəndələri, maraqlı tərəflər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların da iştirakı ilə qrafik üzrə dairə sədrinin müşayiəti ilə məntəqələrə paylanılır. Seçkiyə 5 gün qalmışadək bütün bülletenlər dairə seçki məntəqələri, üç gün qalmışadək isə oradan məntəqə seçki komissiyalarına çatdırılır.
Bütün seçkilərdə bu prosesləri nəzarətdə saxlaya bilmişik. Bununla bağlı hər hansı problem qeydə alınmayıb”, - deyə M.Pənahov qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.