Bakı. Trend:
Facebook sosial şəbəkəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir.
Trend bu barədə Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Belə ki, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və ya unudulmuş baqajların 3.67 AZN-ə satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.