...

Təyyarə qəzasında yaralanan 4 nəfərin stasionar müalicəsi davam etdirilir

Cəmiyyət Materials 24 Yanvar 2025 12:25 (UTC +04:00)
Təyyarə qəzasında yaralanan 4 nəfərin stasionar müalicəsi davam etdirilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında bildirilir.

"Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müvafiq tədbirlər üçün zəruri tapşırıqlar verilib.

Müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralanan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunub və zərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb", - məlumatda bildirilir.

Qeyd edilir ki, Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib.

"Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.

Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar.

Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti