Bakı. Trend:
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.
Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis
tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi
Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən
şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr
barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən
mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma
barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş
hesab edilir.