...

“Əsirlikdə 8 gün” filminin təqdimat mərasimi baş tutub (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2025 20:02 (UTC +04:00)
“Əsirlikdə 8 gün” filminin təqdimat mərasimi baş tutub (FOTO)

Bakı. Trend:

25 fevral 2025-ci il tarixində Bakı Konqres Mərkəzində “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ərsəyə gətirilmiş “Əsirlikdə 8 gün” adlı bədii filmin təqdimatı baş tutub.

Bədii film Xocalı Soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrılı nəticələrinə həsr olunub. Film bacı-qardaşın əsirlikdə yaşadığı dəhşətli günləri və çəkdiyi əzabları əks etdirir.

Təqdimat mərasiminin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Filmin nümayişindən öncə Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət” Kampaniyası haqqında ətraflı məlumat verib, eyni zamanda Dürdanə Ağayevanın həyat mübarizəsindən, müəllifi olduğu “Erməni zindanında 8 gün” və “Xocalı şəhidləri 613” kitabları vasitəsilə Xocalı Soyqırımının həqiqətlərini dünyaya və gənc nəsillərə çatdırmaq üçün göstərdiyi səylərdən bəhs edib.

Qeyd olunub ki, Dürdanə Ağayeva və qardaşının hekayəsi faciənin dəhşətlərini anlamağa imkan verən yüzlərlə hekayədən sadəcə biridir.

Filmin nümayişindən sonra “CVN Group”un baş direktoru Səbinə Məlikova çəkiliş prosesi zamanı heyətin emosional olaraq yaşadıqları çətin anları dilə gətirib, Xocalı faciəsinin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra təəssüratlarını bölüşməsi üçün filmin quruluşçu rejissoru Vüsal Əhmədzadə başda olmaqla çəkiliş heyəti və Dürdanə Ağayevadan yadigar qalan qızı Ləman Camalova səhnəyə dəvət olunub.

Film “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu, CVN TV, Belə Belə İşlər və “CAVAN” Gənclər Hərəkatının birgə səyi ilə ərsəyə gətirilib. Filmin quruluşçu rejissoru Vüsal Əhmədzadə, baş prodüseri Səbinə Məlikova, ssenari müəllifi Emin Əfəndiyev, prodüseri İbrahim Heydərov, quruluşçu operatoru Orxan Məmmədov, quruluş rəssamları Elturan Məmmədov və Elvin Əliyevdir.

Qeyd edək ki, 26 fevral tarixində filmə ölkə ərazisindəki bütün kinoteatrlarda baxmaq mümkündür. Giriş ödənişsizdir.

Xəbər lenti

Xəbər lenti