...

Azərbaycan-Pakistan strateji tərəfdaşlıq münasibətləri regionda sabitlik və inkişafın təmin olunmasında mühüm rol oynayır – ŞƏRH

Cəmiyyət Materials 28 Fevral 2025 21:00 (UTC +04:00)
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq münasibətləri regionda sabitlik və inkişafın təmin olunmasında mühüm rol oynayır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsidir. Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda dövlət səfərində olması da bu faktı təsdiqləyir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Azərbaycan-Pakistan əməkdaşlığında dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur:

“Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də, ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib”.

İşçi qrupun üzvü nəzərə çatdırıb ki, Azərbaycan-Pakistan münasibətlərinin bugünkü inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır:

“Ölkələrimiz arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. İki dost dövlət müdafiə, təhlükəsizlik, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir”.

S.Salmanova, həmçinin, əlavə edib ki, Pakistanla iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərilir:

“Təsadüfi deyil ki, Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar, 2022-2023-cü illərdə isə 12 milyon dollar həcmində ixrac həyata keçirib. Bu da ölkələrimiz arasında iqtisadi əlaqələrin ildən-ilə artırmasının nəticəsidir. Bundan başqa, fevralın 24-də iki ölkə arasında imzalanmış sənədlər – Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması, eləcə də, mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlərin, Naxçıvan şəhəri və Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadiləsi də iki dost ölkə arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini və yeni əməkdaşlıq imkanlarının yaranacağından xəbər verir”.

Milli Məclisin deputatı Azər Allahverənov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasındakı mövcud olan sarsılmaz dostluq və tarixi qardaşlıq münasibətləri qarşılıqlı hörmət və ehtimad prinsipləri əsasında daha da möhkəmlənib:

“Bu gün Azərbaycan və Pakistan arasındakı siyasi, iqtisadi və humanitar əməkdaşlıq yüksək səviyyədədir. Xalqlar arasında əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin dövlət başçıları, nazirləri və digər rəsmi nümayəndələri arasında mütəmadi səfərlər və görüşlər keçirilir. Beynəlxalq təşkilatlarda, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatında qarşılıqlı dəstək davam etdirilir. Azərbaycanın Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşulması digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb”.

Deputat vurğulayıb ki, müdafiə və hərbi sahədə əməkdaşlıq Azərbaycan və Pakistan münasibətlərinin mühüm istiqamətlərindən biridir:

“İki ölkə arasında müdafiə sahəsində bir sıra razılaşmalar imzalanmış və hərbi təlimlərdə qarşılıqlı iştirak təmin olunub. Pakistan Azərbaycan ordusunun təlim və tədris proqramlarına dəstək verir, eyni zamanda, müdafiə sənayesində ekspert mübadiləsi həyata keçirilir.

Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Xüsusilə 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib və qələbədən sonra rəsmi İslamabad Azərbaycanı təbrik edərək, ölkənin ərazi bütövlüyünü bir daha təsdiq etdi.

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq strateji xarakter daşıyır və gələcəkdə daha da genişlənəcək. Bu əlaqələr hər iki ölkənin hərbi gücünü artırmaqla yanaşı, strateji müttəfiqliyi daha da möhkəmləndirəcək”.

A.Allahverənov əlavə edib ki, Azərbaycan və Pakistan arasındakı münasibətlərin gələcəyi üçün geniş potensial mövcuddur.

“Xüsusilə enerji, ticarət, müdafiə sənayesi, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün zəmin vardır. Qeyd olunan əksər sahələrdə mövcud münasibətlər strateji xarakter daşıyır və xüsusiyyət yeni əhəmiyyət kəsb edən istiqamətlərin inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Bu mövqedən çıxış edən Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti