Bakı. Trend:
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yükdaşımalarına təsir edir.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Tariyel Mirzəyev Bakıda keçirilən “Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə” mövzulu dəyirmi masada bildirib.
“Son illər Xəzər dənizinin liman və kanallarında su dərinliyinin azalması müşahidə olunur. Bu bərələrin tam gücü ilə işləməsinə imkan vermir”,- deyə o bildirib.
Onun sözlərinə görə, su səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Qazaxıstanın Kurık limanı ilə Bakı arasında “Ro-Pax” tipli bərələrin ötürücülük qabiliyyəti aşağı düşüb.
O eyni zamanda, anoloji situasiyanın Türkmənbaşı limanında yaşandığını, dərinliyin azalmasına görə Bakı-Türkmənbaşı marşrutu üzrə “Ro-Pax” tipli bərələrin ötürücülük qabiliyyətinin azalmasına gətirib çıxardığını diqqətə çatdırıb. Qeyd olunan istiqamətdə dəmiryolu sisternlərinin daşınması 37 faiz, daşınan vaqonların sayı isə 19 faiz azalıb.