Bakı. Trend:
2025-ci ildə icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu artımlar bu ildən etibarən minimum əmək haqqı məbləğinin dəyişməsi ilə bağlıdır.
"Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum
əmək haqqı ilə birbaşa bağlıdır. Bu baxımdan, minimum əmək
haqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə
olunur.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan
şəxslərə müavinətin məbləği minimum əmək haqqının 4 misili
həcmindədir. Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1380
manatdan 1600 manatadək (400 manat X 4) yüksəlib.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin
istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı
pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə
üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərdə
minimum əmək haqqı məbləğinə uyğun olaraq artırılıb. Belə ki, peşə
əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək
qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq)
ödənilir. Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80
faizdirsə o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320
manatadək artırılıb.
Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində
olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400
manata çatdırılıb.
Artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki,
əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum
məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki,
pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat
X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.
Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət
və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar
veriləcək. Dövlət başçısı tərəfindən sosial müavinətlər və
təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq
verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə
təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin
hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan
sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti
tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq"- deyə
V.Bayramov qeyd edib.