Bakı. Trend:
Bakı Kitab Mərkəzində Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Həbib bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəli Texniki Humanitar liseyin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, təhsil işçiləri, Milli Məclisin deputatları, liseyin məzunları və pedaqoji kollektivinin üzvləri iştirak ediblər.
Əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji-maarifçi fəaliyyətlərindən bəhs edən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər - AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, xalq artisti Nurəddin Mehdixanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova, 2 nömrəli Texniki Humanitar liseyinin direktoru Turanə Məcidli, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətinin tədqiqatçısı Filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli 160 illik yubileyi qeyd edilən Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji fəaliyyətindən danışıblar.
Qeyd edilib ki, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti yalnız öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər üçün də önəmli bir ilham mənbəyidir. Həbib bəy Mahmudbəyov 1887-ci ildə Sultanməcid Qənizadə ilə bir yerdə ilk rus-müsəlman məktəbini yaradırlar. Həyatı boyunca böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olan Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Bakı şəhər dumasının qlasnısı və məktəb komissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan müəllimlərinin Birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edərək qurultaya sədrlik edib. Bakıda Ali Pedaqoji İnstitut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, həm də gecə kursları təşkil edib. Həbib bəy Mahmudbəyov elm və təhsillə yanaşı Azərbaycanda teatrın inkişafında da böyük xidmətlər göstərib, ilk peşəkar teatr truppasının rəhbəri olub.
Çıxış edənlər Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun irsinin təbliği və tanınması istiqamətində gördükləri işlərə görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Böyük şəxsiyyətin nəslinin nümayəndəsi Eldar Əzizov ulu babası haqqında öz fikirlərini iştirakçılarla bölüşərək yubiley tədbirinə görə öz təşəkkürünü bildirib.
Tədbirdə əməkdar rəssam Rza Afşar müəllifi olduğu Həbib bəy Mahmudbəyovun portretini liseyin kollektivinə hədiyyə etdi.
Tədbirdə Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən biri olan "Hacı Qara" əsərindən kiçik bir səhnə təqdim edilib, musiqiçilərin ifasında klassik mahnılar səsləndirilib.