Bakı. Trend:
Hərbi qeydiyyat qaydalarının pozulmasına görə cərimələr artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə 100 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 30 manat məbləğində cərimə tətbiq edilir.
Çağırışçıların və hərbi vəzifəlilərin Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.
Yuxarıda göstərilmiş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
