Bakı. Trend:
Martın 10-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyası öz işinə başlayıb.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Sessiyanın yüksək səviyyəli seqmentində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Respublikasının qoşulduğu BMT-nin 3 əsas konvensiyaları və digər sənədləri ilə ümumbəşəri narkotiklər probleminin həlli istiqamətində üzərinə düşən öhdəliklərinə sadiq olduğunu, Azərbaycanda güclü siyasi iradə və prinsipial mövqe sərgilənməklə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparıldığını vurğulayıb. Eyni zamanda, bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən dəyişən, yeni təhdid və çağırışlara çevik reaksiya verməklə görülən kompleks tədbirlər, Azərbaycanın hüquq-mühahizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotiklər barədə məlumat verib.
Sessiyada ümumbəşəri bəla olan narkotiklərlə mübarizə üzrə beynəlxalq müqavilələrin icrası, narkotik probleminin həlli və ona qarşı mübarizə aparmaq üçün 2019-cu il tarixli Nazirlər Bəyanatında əks olunan bütün öhdəliklərin milli, regional və beynəlxalq səviyyələrdə icrasına nəzarət və digər məsələlər müzakirə olunacaq.