Bakı. Trend:
2024/2025-ci tədris ili üçün ali təhsil pilləsi üzrə 80,1 min yer planlaşdırılıb, 74 min nəfərdən çox qəbul olub, ilk dəfə doktorantura səviyyəsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişli yerlərin sayı artırılaraq 36,1 min yerə çatdırılıb.
“Bakalavriat səviyyəsinə tələbə qəbulu planı 2023/2024-cü tədris ilinə nisbətən ümumilikdə 58,4 min nəfərdən 62 min nəfərə qədər artırılıb, dövlət sifarişi ilə qəbul planı isə 5,3% çox olmaqla 29,2 min yerə çatdırılıb. Tələbə qəbulu planının 52,8 min yeri (85,2%) dövlət, 9,2 min yeri (14,8%) isə qeyri-dövlət ali təhsil müəssisələri üzrə nəzərdə tutulub”,- deyə məlumatda qeyd edilib.