Bakı. Trend:
2024-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 10,2 min İİV-lə yaşayan şəxs qeydiyyatda olub, 9,8 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb olunub.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, Respublikada insan immunçatışmazlığı virusuna yoluxmuş hamilə qadınlar antiretrovirus (ARV) müalicəsinə cəlb olunurlar. Bunun nəticəsində 2016-cı ildən başlayaraq ARV terapiya alan qadınlar arasında İİV-in anadan uşağa ötürülməsi halına rast gəlinməyib.
“2024-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 10,2 min İİV-lə yaşayan şəxs qeydiyyatda olub, 9,8 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb olunub . Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır”,- deyə məlumatda qeyd edilib.