Bakı. Trend:
ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.
Tədbirin moderatoru, Milli Məclisin Gənclər və İdman komitəsi və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayilov gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə hal aldığını, bu müzakirələrin gənclərin sözügedən mövzuda daha ətraflı məlumata malik olmasında önəmli rolunun olduğunu qeyd edib.
Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edib. Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edən Dilarə Seyidzadə bu ziyalıların keçdiyi işıqlı həyat yoluna toxunub.
Ardınca Qərbi Azərbaycan mövzusunda Qərbi Azərbaycan Televiziyasının hazırladığı film nümayiş etdirilib.
ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan reallıqlarının çatdırılmasında universitetlərin rolundan bəhs edərək tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmasının vacibliyini vurğulayıb.
Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda tarix elmləri doktoru, Güntekin Nəcəfli çıxış edərək İrəvan xanlığının zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm rolundan danışıb.
xxx
16:01
Bakı. Trend:
ADA Universitetində "Qərbi Azərbaycan mövzusu 100 ildə" mövzusunda dəyirmi masa keçirilir.
Trend xəbər verir ki, tədbir Qərbi Azərbaycan mövzusunda filmin nümayişi ilə start götürüb.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurası və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayilovun moderatorluğu baş tutan tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov, tarix elmləri doktoru Güntekin Nəcəfli və digər rəsmi şəxslər iştirak edirlər.