...

ANAMA nümayəndə heyəti milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2025 15:16 (UTC +04:00)
ANAMA nümayəndə heyəti milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərinə rəsmi səfər edib.

Trend xəbər verir ki, nümayəndə heyəti cari ilin 9-11 aprel tarixlərində BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib.

“Təhlükəsiz gələcək buradan başlayır” əsas mövzusu altında keçirilən beynəlxalq iclas çərçivəsində bir sıra plenar sessiya və yan tədbirlər təşkil edilib.

Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən “Milli Potensialın İnkişafı: Minalarla Mübarizədə Effektiv Lokallaşdırma” mövzusunda plenar sessiyada panelist qismində iştirak və çıxış edib.

Beynəlxalq iclas çərçivəsində 11 aprel tarixində ANAMA tərəfindən təşkil olunan “Humanitar minatəmizləmə fəaliyyətində tədqiqat, innovasiya və texnologiyanın inkişafı” adlı yan tədbirdə Agentliyin nümayəndəsi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və BMT-nin bu sahə üzrə ekspertləri panelist qismində iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov minalar və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin qlobal miqyasda ən ciddi humanitar problemlərdən biri olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan minatəmizləmə fəaliyyətinə innovasiya və texnologiyanın inteqrasiyası, resursların optimallaşdırılması üçün yeni imkanlar istiqamətində mühüm addımlar atır.

Tədbir çərçivəsində humanitar minatəmizləmə fəaliyyətində əməliyyatların effektivliyini artırmaq və riskləri azaltmaq məqsədilə ənənəvi üsullarla yanaşı qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə texnoloji irəliləyişlər, minatəmizləmə əməliyyatları zamanı prioritetlər və çağırışlar, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin innovativ yanaşmalarda rolu və bu istiqamətdə əməkdaşlıq mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

Yan tədbirdə Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə təqdimat edilib.

Xəbər lenti

Xəbər lenti