Bakı.Trend:
Bu gün Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib.
Trend xəbər verir ki, BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.
Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə,
Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə
tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli
nümayəndələrinin, həmçinin, Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı
Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya
gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların
müdafiəsi”dir.
Tədbir çərçivəsində son zamanlarda üzv ölkələrdə audiovizual
medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş
ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi
tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media
savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel
sessiyaların təşkili nəzərdə tutulub.
Tədbirdə çıxış edən Azərbaycanın Audiovizual Şurasının sədri İsmət Səttarov bildirib ki, Qara dəniz-Xəzər regionu ölkələrinin KİV-ləri arasında əlaəqlərin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
"Bizim üçün Bakıda Forum keçirmək böyük şərəf və böyük məsuliyyətdir – o şəhər ki, zəngin mədəniyyəti, tarixi və adət-ənənələri ilə ölkələri birləşdirir, habelə müasir siyasətdə də mühüm rol oynayır”, - deyə Səttarov vurğulayıb.
İkitərəfli əməkdaşlıqdan söz açarkən o, Azərbaycanın Albaniya, Bolqarıstan və Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinə maraq göstərdiyini diqqətə çatdırıb.
“Gürcüstan təkcə qonşu və strateji tərəfdaş deyil, o, həm də Qara dəniz regionuna bir körpüdür”, - deyə o, mediayayımların tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çağırış edib.
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun Baş katibi Deniz Güçer isə çıxışında bildirib ki, media və uşaqlar çox həssas mövzudur və harada olmağımızdan asılı olmayaraq hər birimizə təsir edir.
O bildirib ki, başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir.
"Bu gün görüntülü və səsli media, yayımlar uşaqlar üçün həddən artıq informasiya bolluğu yaradır və təəssüf ki, uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar. Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir", - deyə o qeyd edib.
Formda diqqətə çatdırılıb ki, Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 12-ci Toplantısı Albaniyada keçiriləcək.