Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin birinci rübü ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 80 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
"Qeyd olunan vəsaitin 93 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 17 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar", - deyə məlumatda qeyd edilib.