Cəbrayıl. Trend:
Cəbrayıldan son 92 gün ərzində 875 mina aşkarlanıb.
Trend xəbər verir ki, bunu ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev dünya şöhrətli “NomadMania” səyyah klubunun Cəbrayıl rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yerləşən mina sahəsi "Mehdili 006/05" sahəsində 92 iş günüdür əməliyyat aparılır:
"Mehdili 006/05" sahəsinin ümumi ərazisi 83 min 511 kv. metrdir. Bugünədək 82.4 faizi yəni 56 min 500 kv. metri minadan təmizlənib. Təmizləmə zamanı 875 ədəd mina, bir ədəd əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Bu qurğular zərərləşdirilib".
Q.Namazəliyev bu günlər ərzində tapılan 720 ədəd piyada əleyhinə minalar ermənilər tərəfindən istehsal olunub:
"155 ədəd tank əleyhinə olan minalar isə rusiya istehsalıdır. Ərazi kənd ərazisi olduğu üçün torpaqda metalla çirklənmə səviyyəsi yüksəkdir. Buna görə də dedektorla işləmək çətin olduğundan ərazi yalnız qazma üsulu ilə təmizlənir. Qurğu vasitəsilə 20 sm dərinliyi qazaraq aşkar olunmuş minaların ətrafın təmizləyib, işarələyib rəhbərliyə məlumat verilir. Mina xətti keçməyən yerlərdə isə mexaniki üsulla daha sonra mina axtaran itlərlə təmizlənir".