Bakı. Trend:
Konstitusiya Məhkəməsi bugünkü günə kimi 591 qərar qəbul edib.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün Bakıda “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Azərbaycanda Konstitusiya və suverenlik ilinin elan edilməsi, əlbəttə, bizim gələcək istiqamətlərimiz bizim mövcud vəziyyətdə Azərbaycanın əldə etdiyi nailiyyətlərə, baxışlara bağlıdır.
İstənilən dövlətin suverenliyi, ərazi bütövlüyü onun müstəqilliyinin ən vacib amillərindəndir. Məlumdur ki, Azərbaycan 80-ci illərin sonlarından zəfərə qədər hansı psixoloji və mənəvi durumlardan keçib.
Bizim böyük qələbəmiz Azərbaycan vətəndaşına yeni anlam verib, şərəf gətirib. Hesab edirəm ki hər bir azərbaycanlı onu dərindən təhlil etməlidir.
Yeni reallıqlar mövcuddur. Bu şəraitdə çağırışlara xarici və daxili siyasətimiz daha da bizi gərgin fəaliyyət göstərməyə vadar edir. Bu reallıqdır. Bu reallıqlarla qarşılaşdıqda biz Cənubi Qafqazda lider dövlətik, beynəlxalq aləmdə nüfuzumuzu da nəzərə alsaq, kənardan bizə qarşı mənfi münasibətlərə qarşı hazır olmalı və onlara qarşı siyasətimizi aparmalıyıq.
Konstitusiya özlüyündə siyasi sənəddir. Digər qəbul olunan normativ hüquqi aktlar Konstitusiyadan irəli gələn aktlardır. Bu da bir faktdır ki, ölkənin konstitusiyasına mürəkkəb dövrlərdə 3 dəfə dəyişiklər edilib.
Konstitusiya Məhkəməsi bugünkü günə kimi 591 qərar və 172 plenum tərəfindən qərarlar qəbul edib", - o qeyd edib.