Bakı. Trend:
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasının inkişaf strategiyası, potensial imkanlar və yeni çağırışlar" respublika elmi-praktik konfransı keçirilib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Ümummilli Liderin Hərbi İnstitutun ərazisindəki abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram nümayiş etdirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlayıb.
Sonra iştirakçılara "Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası"na həsr edilmiş videofilm təqdim olunub.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev açılış nitqi söyləyərək konfrans iştirakçılarını salamlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin tabeliyində akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Elşad Nəsirov və Heydər Əliyev adına Hərbi İnstitutun Elmi-tədqiqat şöbəsinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov çıxış edərək Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası, mövcud imkanlar və qarşıda duran vəzifələr, çağırışlar barəsində fikirlərini konfrans iştirakçılarına bildiriblər.
Daha sonra konfransın plenar iclası keçirilib. Konfransa 35
təşkilat tərəfindən 100-dən çox məqalə təqdim edilib.
Konfransın əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan müasir Azərbaycan Respublikasının inkişaf strategiyasının
müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, ölkə
başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin Azərbaycan Ordusunun qarşısında qoyduğu tələblərə müvafiq
olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin
elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.
Konfrans plenar iclasdan sonra 5 bölmə üzrə işini davam etdirib,
iştirakçıların maraqlı elmi məruzələri dinlənilib və mövzuya dair
ətraflı müzakirələr aparılıb.