Bakı. Trend:
Bu gün Macarıstanın Azərbaycana ixracının 49 faizi məhz əczaçılıq sektorunun payına düşür.
Trend xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah” mövzulu beynəlxalq konfransda etdiyi çıxışda bildirib.
“Macarıstan Azərbaycana dərman vasitələrinin tədarükünü 1993-cü ildən bəri həyata keçirir. 1997-ci ildə “Gedeon Richter” şirkəti Azərbaycanda nümayəndəliyini açmış ilk xarici əczaçılıq şirkətinə çevrilib”, - deyə səfir bildirib.
O həmçinin, Macarıstanın “Egis” şirkəti 2020-ci ildə Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycanlı əsgərlərə dərman ianə etdiyini xatırladıb.
“Uzun illər ərzində macar əczaçılıq şirkətləri məhz keyfiyyətli, etibarlı və effektiv preparatları ilə Azərbaycanın səhiyyə sistemində öz etibarını və etimadını qazanıb”,- deyə diplomat vurğulayıb.
T. Torma vurğulayıb ki, Macarıstan Mərkəzi və Şərqi Avropada ən böyük əczaçılıq məhsulları ixracatçısıdır və dünyada əczaçılıq məhsullarının ixrac həcminə görə 20-ci yeri tutur.
“Bu gün Macarıstanda aparılan bütün elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə (ETTKİ) yatırılan investisiyaların 60 faizi bio-elmlər sektoruna yönəldilir. Dünyanın 10 aparıcı biotexnologiya şirkətindən 9-nun Macarıstanda ya elmi-tədqiqat mərkəzi, ya istehsalat müəssisəsi, ya da hər ikisi mövcuddur,” – deyə səfir qeyd edib.