Bakı. Trend:
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Xudat şəhəri, 4-cü şöbə adlanan əraziyə ilk dəfə təbii qaz verilib.
Trend xəbər verir ki, təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri təbii qazın verilməsi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Həmçinin rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Qeyd edilib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçə yaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulub.
Rəsmi hissədə evlərə qazın verilməsini bildirən rəsmi sənədlər abonentlərə təqdim olunub. Həmçinin, rəmzi məşəl alovlandırılıb, Vətən müharibəsi qazisi Elman Quliyevin mənzilinə ilk dəfə mavi yanacaq verilib.
Sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.