Bakı. Trend:
“Əkinçi” qəzetinin fəaliyyətə başlaması böyük fədakarlıq idi. Ondan sonra bir sıra mətbuat orqanları işıq üzü gördü.
Trend xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, sovet dövründə də cəmiyyətin qapalı olmasından asılı olmayaraq, Azərbaycan öz mətbuatını qoruyub saxlaya bildi:
“1991-ci ildə yeni qanun qəbul edildikdən sonra yeni yaradılan media orqanlarının sayı artdı. Azərbaycan mətbuat tarixində ən böyük hadisələrində biri 1998-ci ildə baş verdi. Belə ki, Ümummili Lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edildi. Prezident İlham Əliyev də müstəqil dövlət üçün müstəqil medianın önəmini hər zaman vurğulayıb".
Sədr vurğulayıb ki, artıq üç ildir ki, mətbyat yubileyləri Şuşada qeyd edilir.
“Prezident İlham Əliyev dünyanın müxtəlif yerlərindən gələn media mənsublarının suallarını cavablandırır. Ötən il Elazığda mətbuat muzeyi gördüm. Bütün ölkə mətbuatının tarixi orada əks olunmuşdu. Mən də çox arzulayıram ki, mədəniyyət paytaxtı olan Şuşada Azərbaycanın ilk mətbuat muzeyi yaradılsın. Biz orada həm mətbuatın tarixinə ekskursiya edək, həm də Şuşada keşçirilən media forumları barədə məlumatlar əks olunsun”, - deyə R.Məcid qeyd edib.