...

Qanunsuz aborta görə cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 16 May 2025 13:23 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz abort etməyə görə cəzalar sərtləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 1000 manatdan 1 500 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.

Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti