Bakı. Trend:
Mayın 16-da Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qalıqları doğulduğu kəndə gətirilib.
Trend xəbər verir ki, doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib.
Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasim zamanı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, "Qurani-Kərimdən" ayələr və Dövlət Himni oxunub, havaya yaylım atəşi açılıb.
Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.