Bakı. Trend:
Uzunmüddətli mühafizə orderinin alınması üçün məhkəməyə müraciət edən məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət rüsumundan azad edilməsinə dair dəyişiklik edilməsi təklif olunur.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Məlumatda həmçinin aşağıdakı təkliflər də öz əksini tapıb:
- Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması zamanı tərəflərin barışması əsasında inzibati və cinayət işlərinə xitam verilməsi ilə bağlı normalara yenidən baxılması, cinayət qanunvericiliyinə məişət zorakılığı ilə bağlı normaların daxil edilməsi, məişət zorakılığı hallarının araşdırılması üzrə mexanizmin təkmilləşdirilməsi;
- Məişət zorakılığından əziyyət çəkən şəxslərə təxirəsalınmaz və hərtərəfli yardımların göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun (yeni yardım mərkəzləri, sığınacaqlar, qaynar xətlər) yaradılması.