Bakı. Trend:
Azərbaycanda yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan şərtlər dəyişib.
Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilib.
Qərara əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər:
-lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
-fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;
- yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;
- yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayış
- yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;
- yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;
- fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;
- ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;
- yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.