Bakı. Trend:
Sümük sınıqları gündəlik həyatda yıxılma, yol qəzaları, idman zədələri kimi səbəblərlə qarşımıza çıxa bilər. Bu zədələrin növünü düzgün müəyyənləşdirmək və uyğun müdaxilə etmək, sağalma müddəti və nəticə baxımından olduqca önəmlidir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş həkimi Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, sümük sınıqları eyni cür görünə bilər, amma onların orqanizmə təsiri fərqli olur:
“Əgər zədə zamanı yalnız sümük sınır və ətrafdakı dəri toxunulmaz qalırsa, bu qapalı sınıq sayılır və daha yüngül gedişli bir haldır. Bu tip zədələrdə infeksiya riski minimumdur və müalicə daha sistemli aparılır. Lakin iç toxumalarda qanama və ya sinir zədələnməsi də ola bilər. Ona görə də, bu tip zədələr də ciddi qəbul edilməlidir.
Əgər sınmış sümük dəriyə qədər çataraq onu cırırsa və bəzən xaricə çıxacaq qədər irəliləyirsə, bu açıq sınıq sayılır və artıq ciddi təhlükə siqnalıdır. Belə hallarda yalnız sınığın bərpası deyil, eyni zamanda mikrob və infeksiya ilə mübarizə də ön plana keçir”.
N.Məmmədov bildirib ki, açıq sınıqlar travmatologiyada təcili
müdaxilə tələb edən hallardandır:
“Belə ki, açıq sınıq vaxtında və düzgün şəkildə müdaxilə olunmazsa,
infeksiyanın sümüyə yayılması kimi ağır fəsadlarla nəticələnə
bilər.
Hər iki halda da ilkin yardım çox vacibdir. Zədələnmiş ətraf
sabit saxlanmalı, xəstə mümkün qədər az tərpədilməli və dərhal
həkimə çatdırılmalıdır.
Açıq sınıqlarda antiseptik tədbirlər, antibiotiklərlə infeksiya
əleyhinə müalicə və bəzən cərrahi müdaxilə tələb oluna bilər.
Qapalı sınıqlarda isə sınığın dərəcəsinə uyğun olaraq gips və ya
cərrahiyyə üsulları tətbiq edilir. Nəticə olaraq, sümük sınıqları,
açıq və ya qapalı olmasından asılı olmayaraq mütləq şəkildə
mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Zədənin xaricdən
görünməməsi onun yüngül olması demək deyil”.
Baş həkim sonda qeyd edib ki, məqsədimiz vaxtında müdaxilə ilə tam bərpa və uzunmüddətli fəsadların qarşısını almaqdır.