...

Nəqliyyat vasitələrinin utilizasiyası Gəncədə də həyata keçiriləcək

Cəmiyyət Materials 21 May 2025 18:23 (UTC +04:00)
Nəqliyyat vasitələrinin utilizasiyası Gəncədə də həyata keçiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat vasitələrinin utilizasiyası Bakı ilə yanaşı, Gəncədə də həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator “Semsan” şirkəti reyestrdə qeydiyyata alınıb.

"Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən şirkət yaxın zamanda Gəncə şəhərində fəaliyyətə başlayacaq.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə artıq Bakı ilə yanaşı Gəncə şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq", - məlumatda deyilir.

Qeyd edilib ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür:

"Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 4600-ə yaxın nəqliyyat vasitəsi utilizasiya verilmişdir və proqram çərşivəsində indiyə qədər 227 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır.

Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir".

Xəbər lenti

Xəbər lenti