...

Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılma qaydası təsdiq edilib

Cəmiyyət Materials 22 May 2025 11:32 (UTC +04:00)
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılma qaydası təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Qayda Azərbaycan Respublikasının ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.

Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində təhlükə potensiallı obyektləri (bundan sonra – obyektlər) istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra – şəxslər) və dövlət orqanları (qurumları) tərəfindən əməl olunmalıdır.

Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi və vahid dövlət reyestrinin aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

Bu Qayda aşağıdakıları müəyyən edir:

  • vahid dövlət reyestrinə qeydiyyat məqsədilə daxil edilən obyektlərə dair məlumatlar və onların tərkibi;
  • obyektlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətlərə baxılması qaydası.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilən obyektlər onların istismarına başlanıldığı tarixdən ən geci 30 (otuz) gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.

Obyektlərin vahid dövlət reyestrinə daxil edilən məlumatları “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq saxlanılır.

Fərdi məlumatların vahid dövlət reyestrində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti