Bakı. Trend:
Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı Qəbələ şəhərində uğurla davam edir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən tanınmış ifaçılar, gənc istedadlar, musiqi kollektivləri iştirak edirlər.
Trend xəbər verir ki, tamaşaçılar və şəhərin qonaqları festivalın proqramına daxil olan hər bir konserti böyük səbirsizliklə gözləyirlər.
İyulun 26-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində Bakı Dövlət Kamera Orkestrinin iştirakı ilə keçən konsertdə Xalq artisti Nəzakət Teymurova möhtəşəm ifası ilə tamaşaçılara unudulmaz musiqi bayramı bəxş edib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Tanınmış xanəndəni konsertdə Əməkdar artistlər Əliağa Sədiyev (tar), Xəyyam Məmmədov (kamança), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara), Çinarə Heydərova (qanun), Qalib Həşimov (ud), Eyvaz Həşimov (qoşa nağara), Hüsaməddin Əzizov (bəm nağara), respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadə (piano) və orkestrin üzvləri müşayiət ediblər.
Festivalın proqramına uyğun olaraq, bu gün tamaşaçılara kamera musiqisi axşamı və Tbilisi Big Band ansamblının (Gürcüstan) konserti təqdim olunacaq.