Bakı. Trend:
“Azərpoçt” MMC-nin Filiallar şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Orxan Məmmədov Çin Xalq Respublikasında keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı üzrə rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq seminarda iştirak edib.
Trend-in “Azərpoçt”a istinadla verdiyi məlumata görə, seminar Çin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq Mərkəzi tərəfindən Pekin, Tyancin və Sian şəhərlərində təşkil olunub.
Tədbir çərçivəsində rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyalarının tətbiqi, elektron hökumət xidmətləri, “ağıllı şəhər” həlləri, yaşıl rəqəmsal infrastruktur və sənaye internetinin inkişafı kimi aktual mövzular müzakirə olunub. Seminar zamanı iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Çinin aparıcı texnologiya şirkətləri — “Lenovo”, “Tencent”, “Siasun” və digər qurumlar tərəfindən innovativ layihələr təqdim olunub.
Orxan Məmmədov həmçinin Tyancin şəhərində keçirilən ŞƏT-in Rəqəmsal İqtisadiyyat Forumunda və Sian şəhərində təşkil olunan qabaqcıl istehsalat zəncirinin təşviqi mövzusunda beynəlxalq sərgidə də iştirak edib.
Tədbir çərçivəsində “yaşıl rəqəmsal infrastruktur”un Çin modeli əsasında qurulması və süni intellekt texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, azərbaycanlı mütəxəssislərin Çin müəssisələrində təcrübə keçməsi üçün əməkdaşlıq formatları təklif olunub.